BAKI, 25 may — Sputnik. Yeni Zelandiyanın nəqliyyat naziri Fil Tuayford (Phil Twyford) qaydaları pozaraq təyyarənin göyərtəsində etdiyi zəngə görə istefa verməli olub. Bu barədə Sputnik Azərbaycan "New Zealand Herald" nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, Tuayford təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt zəng edib, bununla da mülki aviasiya qaydalarını pozub.
"Bu qaydalar hamıya şamil olunur. Üzr istəyirəm" – deyə Tuayford bəyan edib. Nazir əlavə edib ki, insidentlə bağlı istefa verib.
Lakin ölkənin baş naziri Casinda Arden onun istefa ərizəsini qəbul etməyib. Lakin mülki aviasiya məsələlərinə nəzarət Tuayfordun müavini Culi En Genterə (Julie Anne Genter) ötürülüb.