BAKI, 24 may — Sputnik. Azərbaycanın Çilidəki Diplomatik Missiyası tərəfindən Santiaqo şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illik ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Qəbulda Çili hökumətinin rəsmiləri, parlamentin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və Çili ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 may gününün Azərbaycan üçün tarixi önəmindən bəhs edib. 1918-ci ildə yaradılan və bu il 100 illik yubileyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu qeyd edib və mövcud olduğu qısa müddətdə gördüyü mühüm işlərdən danışıb.
1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində Azərbaycanın 20%-dən çox ərazisinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunduğu, davamlı inkişaf strategiyasının əsasının qoyulduğu qeyd olunub.
Daha sonra səfir Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər, inkişaf strategiyası, Azərbaycanın geosiyasi önəmi və regional proseslərdə, habelə Avropanın enerji təhlükəsizliyindəki rolu, dövlətçiliyin daha da gücləndirilməsi üçün atılan addımlar, ölkədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.
Həmçinin, qeyd olunub ki, Azərbaycanın paytaxtı Bakı şəhəri Ümumdünya Expo-2025 sərgisinə ev sahibliyinə namizəddir. Ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti barədə məlumat verilib.
R.Aslanov Azərbaycanın multikultural ölkə olduğunu, Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu qeyd edib. O, Azərbaycan-Çili əlaqələrinə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Tədbir zamanı, həmçinin, Azərbaycan haqqında tanıtım videosu nümayiş olunub.