BAKI, 23 may — Sputnik. Bir neçə ay öncə Heydər Əliyev prospektində iki bahalı avtomobil bir-biri ilə yarışa çıxan zaman iki nəfəri vurmuşdu. Uzun müddət gündəmin mövzusu olan "Galenvagen" və məmur balaları mövzusu artıq unudulub.
Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, oxuculardan biri redaksiyaya video göndərib. Videodan məlum olur ki, Bakının Atatürk prospektində iki avtomobil — 90 DU 357 dövlət nömrə nişanlı "Range Rover" və 90 RK 555 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillər "yarışır". Onlar az qala piyada keçidindən keçmək istəyən vətəndaşı “əzib keçirlər”. Cəmi bir addım geri atmaqla piyada ölümdən dönür.
Dəfələrlə bu barədə deyilsə də, harınlamış bu şəxslər sanki özlərini hamıdan üstün hesab edirlər. Amma bu cür hərəkətlərin sonu ya həbsxana, ya da qəbir olur.