BAKI, 23 may — Sputnik. Bakı Nəqliyyat Agentliyində (BNA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə BNA-nın İdarə heyətinin sədri Vüsal Kərimli, millət vəkilləri Aydın Mirzəzadə və Əflatun Amaşov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı iştirak ediblər.
Tədbirdə çıxış edən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin direktoru Nəcəf Quliyev bildirib ki, yaranmasının 100-cü ilini böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinin çox şərəfli səhifələrindən biri olmasını xatırladan Milli Məclisin üzvü Aydın Mirzəzadə isə qeyd edib ki, cəmi 23 ay yaşasa da, bu müddət ərzində AXC çox böyük işlər görə bildi: “Regionda inkişaf edən bir dövlət modeli ortaya qoydu, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün bir çox işlər gördü. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın inkişaf modeli 23 ay yaşamış Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir.
Milli məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışı zamanı vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti fəxr mənbəyimizdir. 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır.
Səslənən fikirləri bölüşdüyünü qeyd edən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı diqqəti Cümhuriyyət dövründə mətbuatda azadlıq ideyalarının formalaşmasına yönəldib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub.
“Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maariflənmə işi aparırdı” — A.Aşırlı vurğulayıb.