Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 22 may — Sputnik. Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə külli miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Yardımlı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər – Masallı şəhər sakinləri Zaur Nuriyev, əvvəllər məhkum olunmuş Orxan Dəyyanov və Vüsal Nuriyev Yardımlı RPŞ-nin əməkdafları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Vüsal Nuriyev cinayətkar aləmdə "Krıtıy Vüsal" ləqəbi ilə tanınır.
Saxlanılan şəxslərdən 3 bükümdə ümumi çəkisi 2 kiloqram 610 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, narkotik vasitə Yardımlı rayonu ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilib və saxlanılan şəxslər onu əvvəlcədən gizlədilmiş yerdən satış məqsədilə götürüblər.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və araşdırmalar davam etdirilir.