Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 22 may — Sputnik. Lənkəran rayonu ərazisində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Ələt-Astara magistral yolunun Lənkəran rayonu Bürcəli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 90-NE-057 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili 01-BE-732 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar rayonun Biləsər kənd sakini, 1982-ci il təvəllüdlü Nahid Həsənov, Bürcəli kənd sakinləri, 1991-ci il təvəllüdlü Asim Feyziyev və 1992-ci il təvəllüdlü Elnur Sovqatovdur.
Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan A.Feyziyevin vəziyyəti daha ağırdır. Qəza baş verən zaman onun boyununun sağ nahiyyəsi kəsilib və ağır kəllə-beyin travması alıb. A.Feyziyev və E.Sovqatovu reanimasiya şöbəsinə yerləşdiriblər.
Qeyd edək ki, "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatı zamanı qarşı hərəkət zolağına çıxıb və "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.