BAKI, 22 may — Sputnik. Böyük Britaniyanın "Ofcom" telekommunikasiya tənzimləyicisi "RT" telekanalına qarşı üç yeni araşdırma başladıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə təşkilatın növbəti bülletenində bildirilib.
Mümkün pozuntulara qarşı araşdırmalar telekanalın 26 aprel və 4 may 2018-ci il tarixlərində efirə gedən xəbərlər proqramları, həmçinin aprel 20-i efirə gedən "Crosstalk" verilişinə qarşı aparılır.
Daha əvvəl "Ofcom"un "RT"-yə qarşı 7 araşdırma apardığı bildirilirdi. Bazar ertəsi bu araşdırmaların sayı 10-a yüksəlib.
Tənzimləyici qeyd edir ki, araşdırmanın başlaması faktı yayım şirkətinin hər hansı bir pozuntu etdiyi anlamına gəlmir və heç də bütün araşdırmalar pozuntu faktının qeydə alınması ilə nəticələnmir.
Qeyd edək ki, bu ilin martında “RT” telekanalının lisenziyasının sahibinə "Skripal işi”ylə əlaqədar mümkün sanksiyalar haqqında məktub göndərilib. "RT"-nin baş redaktoru isə öz növbəsində qeyd edib ki, "RT"-nin Britaniyada lisenziyasının geri çağrılmasına Rusiyada eyni cavab veriləcək. O, eyni zamanda Britaniya tərəfinin bu addımı atmayacağına ümid etdiyini bildirmişdi.