İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 21 may — Sputnik. Yasamal rayonu İbrahim Əbilov və Balabuba Məcidov küçələrinin kəsişməsindən uzun müddətdir ki, böyük bir ərazi hasarlanıb. Sakinlərin sözlərinə görə, hasarlanma haradasa 5-6 il əvvəl Metropoliten tərəfindən həyata keçirilib.
"Əvvəlcə bir təməl atdılar. Yer qazdılar. Guya iş görəcəklər. Sonra hər şeyi yarımçıq buraxıb getdilər. Ərazinin bir tərəfi normal hasara alınıb. Digər tərəfdən isə dəmir lövhələrlə hasarlanmışdı. Zaman keçdikcə dəmir lövhələr aşınmaya uğrayıb. İndi uşaqlar bəzən keçib ərazidə oynayır. Bu da təhlükəlidir. Uşağa getmə, etmə deyəndə, daha da can atır. Biz uşaqlarmızı düşünürük. Hər nədirsə, ya gəlib normal hasara alsınlar, ya da lazım deyilsə, qapalı saxlamasınlar ki, uşaqlar da ora can atmasın" deyə ərazi sakinləri bildirib.
Bakı Metropoliteni" QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamsında bildirib ki, qurumun şəhərdə çox belə ərazisi var: "Şəhərdə quruma aid belə ərazilər çoxdur və hasarlanıb. Bu ərazilər stansiya və havalandırma şaxtaları üçün müvafiq qurum tərəfindən bizə ayrılıb. Biz də həmin ərazilərin digər şəxslər tərəfindən zəbt edilməməsi üçün hasarlamışıq. Dediyiniz ərazidə bizə ayrılan yerlərdəndir və vəsait olduqca plana uyğun tikiləcək".