BAKI, 19 may — Sputnik. Türkiyənin “SONAR Araşdırma” mərkəzi seçkilərə 37 gün qalmış sosial sorğunun nəticələrini dərc edib. Sputnik Azərbaycan “Sözçü”yə istinadla xəbər verir ki, bu nəticələrə görə, Türkiyədə tezliklə iqtidar dəyişikliyi baş verə bilər.
“SONAR Araşdırma”nın 26 ildə apardığı sorğunun nəticələrinə görə, Türkiyədə prezident seçkilərinin qalibi böyük ehtimalla ikinci turda müəyyən ediləcək.
Qeyd edək ki, İYİ Partiya başqanı Maral Akşener artıq bəyanatla çıxış edərək, ikinci tura özünün deyil, CHP namizədi Məhərrəm İncənin qalacağı təqdirdə, qeyri-şərtsiz İncəyə dəstək olacağını bildirib. İki liderin birgə səsi 43 faiz təşkil edir və bu, Ərdoğanın 42 faizini keçir. Bundan başqa, HDP də Dəmirtaşın ikinci tura keçə bilməyəcəyi təqdirdə İncənin namizədliyini dəstəkləyə biləcəklərini açıqlayıb.
Qeyd edək ki, “SONAR Araşdırma” 2014-cü il seçkiləri zamanı da sorğu keçirmiş və Ərdoğanın 53,3 faiz səslə qalib gələcəyini açıqlamışdı. O zaman Rəcəb Tayyib Ərdoğan 52 faizlə seçkiləri udmuşdu.