BAKI, 17 may — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi Edvard Körtisin 52 əsərdən ibarət "Çərçivədən kənar mənsubiyyət" adlı fotosərgisini məmnuniyyətlə Azərbaycan ictimaiyyətinə təqdim edir. Sputnik Azərbaycan xəbər verir ki, sərgi 17-22 may tarixlərində Azərbaycan Xalça Muzeyində keçiriləcəkdir. Sərgiyə giriş sərbəstdir.
Yerli Amerika insanları və mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Şeriff Körtis (1868–1952) amerikan mədəniyyəti tarixində unikal yer tutur. Yerli amerikalıların həyatını sənədləşdirmək həvəsinə düşən Körtis Sietldə uğur qazandığı öz foto studiyasını tərk etmiş və bütün həyatını bu layihəyə həsr etmişdir. Edvard Körtis 1900–1930-cu illər arasında Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət etmiş, on minlərlə fotoşəkil və səs yazısı, habelə yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirmişdir. Nəticədə Amerika həyatının mühüm hissəsinin vizual tarixi kimi bu gün də məhşur olan yerli amerikalılar barədə 20 cildlik şah əsəri yaradılmışdır.
Fundamental prinsiplər və idealları sayəsində zamanının proqressiv liderlərindən biri olmuş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsində, Amerika Birləşmiş Ştatlar tarixinin sözügedən hissəsi ilə bölüşməkdən qürur duyur. Bu minvalda, Azərbaycan özünün ilhamlandıran nailiyyətlərini qeyd etdiyi bir vaxtda biz daha güclü, daha yaxşı və daha ədalətli cəmiyyətin formalaşmasına təkan verən məqamları vurğulayırıq.