BAKI, 16 may — Sputnik. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (DİN BMCMİ) Şəmkir rayon sakini Qalib Məmmədovda odlu silah olması barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, BMCMİ və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən bu istiqamətdə birgə əməliyyat keçirilib.
Əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Məmmədovun rayon ərazisindəki evinə baxış keçirilən zaman oradan 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus içərisində 8 ədəd patron olan sandıqça aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Q.Məmmədova məxsus istixanaya da baxış keçirilib. Oradan saxlanılan şəxs tərəfindən xüsusi qulluq edilərək yetişdirilən 243 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.