BAKI, 16 may — Sputnik. Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqləri ABŞ-da Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşları – Aleksandr (Saşik) və Levon Sarqsyana qarşı cinayət işi başladıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti xəbər yayıb.
Nəşrin yaydığı məlumatda qeyd olunur ki, detektivlər həm Ermənistan, həm də ABŞ-da onlar haqqında məlumat toplayırlar. Onlar Sarqsyan qardaşlarının fəaliyyəti nəticəsində zərər çəkən biznesmenləri dindirirlər.
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan da FTB müstəntiqlərinin diqqətindədir. Belə ki, sabiq nazir vəzifədə olduğu dövrdə bir sıra bizneslərini iflasa uğratmaqda, onların biznes və mülklərini ələ keçirməkdə ittiham olunur.
Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.