CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaş nə etməlidir ki, evi yıxılmasın - Yol xəritəsi

© Sputnik / Fuad HasanovSulutəpə
Sulutəpə - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzən deyirlər ki, "kupçam" var, ancaq ev tikə bilmirəm, vətəndaşlar ilk növbədə "Çıxarış"ı fərqləndirməyi bilməlidirlər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Bir müddət əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinin qəbul edilməsi fərdi evlərin tikilməsi ilə bağlı qaydaların xeyli dərəcədə sadələşdirilməsinə səbəb oldu. Qaydaların sadələşdirilməsi isə vətəndaşların bır sıra bürokratik çətinliklərdən azad edilməsi deməkdir.

Ancaq bununla yanaşı, mövcud prosedurların da bir sıra zəif cəhətləri var ki, bu da fərdi ev tikmək istəyən vətəndaş üçün əngəllər yaradır. Əngəllərin olması isə, korrupsiya sövdələşmələrinə imkan verir.

Maraqlıdır, fərdi ev tikmək istəyən vətəndaş nələri bilməlidir, hansı mərhələləri, hansı ardıcıllıqla həyata keçirməlidir ki, problemlə, korrupsiya faktı ilə üzləşməsin, rahat şəkildə evini tikə bilsin? Sputnik Azərbaycan bu sualların cavablarını, fərdi ev tikən vətəndaşların qarşılaşdıqları problemlərin həlli yollarını mütəxəssislərlə araşdırmağa çalışıb.

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, fərdi evlərin tikintisi üçün ilkin olaraq torpağın çıxarışı mütləqdir: "Ev tikmək üçün seçilən torpaq mütləq yaşayış təyinatlı olmalıdır. Kənd təsərrüfatı təyinatlı, qeyri-yaşayış təyinatlı və ya digər təyinatlı torpaqda fərdi ev tikintisi qadağandır".

Ekspert qeyd edib ki, Şəhərsalma və Tikinti Məcəlləsindəki dəyişikliklərə və yeni qaydalara görə, məlumatlandırma icraatı mövcuddur: "Məlumatlandırma icraatı odur ki, tikintinin hündürlüyü 0 səviyyədən, yəni torpağın üstündən 12 metrə qədər olmalıdır. Aşırımlarının eni (dikinə-horizontal bərkidici sütunlar arasındakı məsafə) 6 metri keçməməlidir. Evin mərtəbəsi isə, texniki mərtəbə və mansard nəzərə alınmamaqla 3 mərtəbədən artıq olmamalıdır". 

© ©KarikaturaEv tikmək arzusu
Ev tikmək arzusu - Sputnik Azərbaycan
Ev tikmək arzusu

Osmanlının sözlərinə görə, fərdi ev tikmək üçün əvvəlcə evin tikilməsi nəzərdə tutulan torpaq sahəsi üzərində eskiz layihəsi hazırlanmalıdır: "Eskiz layihədə də bütün normativlərə əməl edilməlidir. Eskiz layihənin dəyəri tikintinin hər kvadrat metrinə görə kiçik ölçülü evlər üçün 1,5-2 manatdan başlayır. Tikintinin kvadratı böyüdükcə bu rəqəm də azalır. Eskiz layihənin çəkilməsi, təqribən 200-500 manat arasında, ən yüksək halda isə 600-700 manat olur. Bu, evin konfiqurasiyasından asılıdır. Mürəkkəb konfiqurasiyalı evlərdə qiymət bir qədər yuxarı, sadə variantlarda isə qiymət aşağı olur".

Ekspert vurğulayıb ki, eskiz layihəsi çəkildikdən sonra müvafiq qurumlardan — ərazidən yüksək gərginlikli elektrik xətti keçirsə, "Azərişıq"dan, qaz xətti keçirsə, "Azəriqaz"dan, su xətti keçirsə, "Azərsu"dan arayışlar alınmalıdır: "Arayışların alınması üçün isə böyük məsrəf tələb edilmir, çox cüzi məbləğə başa gəlir".

"Bununla yanaşı, vətəndaş evin tikilməsi üçün 60+30 manat rüsum ödəməlidir. Rüsum ödəndikdən sonra sənədlər rəsmi şəkildə müvafiq yerli icra hakimiyyəti orqanına təqdim olunur. Yerli icra hakimiyyəti orqanı 15 gün ərzində həmin sənədə baxmalı və vətəndaşa cavab verməlidir. Burada icazədən söhbət getmir. Tikilən evin normativlərində hansısa qayda pozuntusuna yol verilibsə, o pozuntu düzəldilir", — Osmanlı vurğulayıb.

Həmsöhbətimiz əlavə edib ki, əgər icra hakimiyyəti orqanı 15 gün ərzində vətəndaşa heç bir cavab vermirsə, layihə razılaşdırılmış hesab edilir və vətəndaş tikintiyə başlaya bilər: "Vətəndaş deyilənləri nəzərə almaqla tikintiyə başlamaq istəyirsə, heç bir qurumun və ya şəxsin ona müdaxilə etməyə hüququ yoxdur. Çəkilmiş eskiz layihə memar tərəfindən təsdiq edilir. Eyni zamanda, rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsi həmin sənədə möhür vurur. Sənədlər əlinizdə olandan sonra hər hansı bir şəxs yaxınlaşıb tikintiyə müdaxilə edə bilməz".

R.Osmanlı yeni tikilmiş evə çıxarış almaq məsələsindən də danışıb. Bildirib ki, evin tikintisi başa çatdıqdan sonra vətəndaş qeyd olunan sənədlərlə ərazi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməlidir: "Torpağın ölçüsündən asılı olaraq 100 manat və ya ondan bir qədər çox rüsum və xidmət haqqı ödənilir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti vətəndaşa çıxarış verir".

© Photo : Facebook / makler1979Tikinti eksperti Elnur Fərzəliyev
Tikinti eksperti Elnur Fərzəliyev - Sputnik Azərbaycan
Tikinti eksperti Elnur Fərzəliyev

Tikinti eksperti Elnur Fərzəliyev isə qeyd edib ki, fərdi ev tikmək istəyən vətəndaşlar çox zaman doğru olmayan ünvanlara, şəxslərə müraciət edirlər: "Vətəndaşlar hesab edirlər ki, prosedur yerli icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən, layihə sənədlərinin hazırlanması ilə bağlı MMC-lərlə əlaqə qurulması və layihələrinin hazırlanması ilə bitir. Ona görə də gedib layihə hazırlatdırırlar. Sənədləri qaydaya saldıqdan sonra elə hesab edirlər ki, proses bununla yekunlaşır".

O, əlavə edib ki, vətəndaş rəsmi surətdə yerli icra hakimiyyətinə müraciət etmədiyi müddətdə tikintiyə başlarsa, icra hakimiyyəti orqanları tərəfindən narazılıqlar bildirilməsi bəzi mübahisələrə gətirib çıxarır: "İcra hakimiyyəti orqanına sənədlər təqdim edilmədiyi halda tikintiyə başlanmamalıdır. Vətəndaşlar ilk olaraq ərazinin tikinti təyinatlı olduğuna diqqət etməlidirlər".

"Bəzən deyirlər ki, "kupçam" var, ancaq ev tikə bilmirəm. Vətəndaşlar ilk növbədə "Çıxarış"ı fərqləndirməyi bilməlidirlər. "Çıxarış" kənd təsərrüfatı təyinatlıdırsa, həmin ərazidə ev tikmək olmaz. Belə ərazilərdə ev tikilərsə, müvafiq icra hakimiyyəti orqanı məsələyə narazılığını bildirə bilər", — deyən Fərzəliyevin fikrincə, vətəndaşlar fərdi yaşayış evi tikməmişdən öncə mütləq əmlak və ya tikinti ekspertləri ilə danışıb məsləhətləşməli, sonra prosesə başlamalıdırlar.

Ekspert vurğulayıb ki, vətəndaş evini söküb-bərpa etmək istədikdə belə, müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir: "Bəzən vətəndaşlar köhnə və qəzalı vəziyyətdə olan evlərinin üzərində belə, ikinci mərtəbə tikməyə çalışırlar. Bu zaman icra nümayəndəsi və ya sahə müvəkkili yaxınlaşaraq öz iradını bildirə və ya tikinti qanunsuzdursa, sökülməsinə qərar verə bilər. Buna görə də, öncədən icra hakimiyyətinə müraciət edilməli və əraziyə kurator dəvət edilməlidir. Baxış keçirildikdən sonra yeni tikintiyə başlamaq olar".

E.Fərzəliyev qeyd edib ki, bəzi bələdiyyələrin fərdi evlərin tikilməsi üçün verdiyi sərəncamla da ev tikmək mümkündür: "Bu prosesi də həyata keçirmək üçün sənədlər toplusunu icra hakimiyyətinə təqdim etmək və 15 gün müddətində cavab gözləmək lazımdır".

Xəbər lenti
0