CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hər gün Həcc ziyarətinə "gedib-gələn" adam: Beş ildir dayanmır

© Sputnik / Ilham MustafayevFariz Əhmədov
Fariz Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Fariz Əhmədov: "Alın tərim süzülüb çənəmdən torpağa damcıladıqca, elə bilirəm ki, hər damcıda ömrüm 1 il artır"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. Tovuz rayon sakini, 70 yaşlı Fariz Əhmədov yaşadığı ərazinin yaxınlığında yerləşən, baxımsız vəziyyətə düşmüş parkı 5 illik əziyyəti bahasına cənnətməkana çevirib. Sputnik Azərbaycan-ın bölgə müxbiri "Qəhrəmanlar parkı" adlanan həmin parka gedərək F.Əhmədovla həmsöhbət olub.

© Sputnik / Ilham MustafayevTovuzdakı "Qəhrəmanlar parkı"
Tovuzdakı Qəhrəmanlar parkı - Sputnik Azərbaycan
Tovuzdakı "Qəhrəmanlar parkı"

Zəhmətkeş müsahibimiz deyir ki, bu işə 2013-cü ildə, 44 illik əmək fəaliyyətindən sonra təqaüdə çıxandan sonra başlayıb: "Gördüm ki, boş dayanmaq mənim üçün çox ağır olacaq. Ona görə bu işi özümə məşğuliyyət seçdim. Həm də qəhrəmanlara həsr edilmiş ərazinin bərbad durumu məni bu xeyirxah işi görməyə sövq etdi".

"Tovuzdan başqa Azərbaycanın heç bir rayonunda 3 sovet ittifaqı qəhrəmanı yoxdur. Lakin onların adını daşıyan parkın xaraba vəziyyəti ürəyimi ağrıtdı, onların ruhunun şad olması üçün bu addımı atdım", — F.Əhmədov bildirir.

Həmsöhbətimiz parkın bərpadan əvvəlki vəziyyəti haqqında da danışır: "Parkın əvvəlki halını sözlə ifadə etmək çox çətindir. Ürəyim ağrıyırdı buradan keçəndə. Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidənin üzərində "Heç kim unudulmur" ifadəsi həkk edilib. Ancaq parkın vəziyyətinə baxanda, o sözün oraya nahaq yazıldığını fikirləşirdim".

© Sputnik / Ilham MustafayevFariz Əhmədov 5 illik əziyyəti bahasına bu parkı cənnətməkana çevirib
Fariz Əhmədov 5 illik əziyyəti bahasına bu parkı cənnətməkana çevirib - Sputnik Azərbaycan
Fariz Əhmədov 5 illik əziyyəti bahasına bu parkı cənnətməkana çevirib

"Ağaclar, kollar qurumuşdu. Parkın ətrafında hərəsi 60 ailəlik 5 bina var ki, oranın sakinləri bütün zibili bu parka atırdı. Buna görə də qolumu çırmadım, işə başladım. 5 ildir gecəli-gündüzlü zəhmətimlə buranı abadlaşdırmışam. İnşallah, bundan sonra daha da gözəl olacaq", — F.Əhmədov qeyd edir.

© Sputnik / Ilham MustafayevSoldan sağa: Sovet İttifaqı qəhrəmanları Yusif Sadıqov, Mərdan Musayev və Məstan Əliyevin büstləri
Soldan sağa: Sovet İttifaqı qəhrəmanları Yusif Sadıqov, Mərdan Musayev və Məstan Əliyevin büstləri - Sputnik Azərbaycan
Soldan sağa: Sovet İttifaqı qəhrəmanları Yusif Sadıqov, Mərdan Musayev və Məstan Əliyevin büstləri

Zəhmətkeş təqaüdçünün sözlərinə görə, hər gün səhər saat 6-da oyanıb parka gəlir, camaat yuxudan qalxanadək 2 hektaradək sahəsi olan ərazini süpürüb təmizləyir, zibilləri aparıb atır. Bundan sonra ağacların, kolların budanması, suvarılması ilə məşğul olur. Demək olar ki, gününün çox hissəsini parkda keçirir.

Fariz Əhmədov düşünür ki, onun etdiyi bu əməl Həcc ziyarətinə bərabərdir: "Rayon icra hakimiyyətindən mənə dəfələrlə iş təklif etsələr də, razı olmamışam. Allah rizası üçün başladığım işə təmənna qatmaq istəməmişəm".

"Söhbət onda deyil ki, pul ödəyib Həcc ziyarətinə gedəm və gələndə mənə "hacı" desinlər. Mən o savabı zəhmətimlə, xeyirxah əməllərimlə, insanların təşəkkürü ilə qazanmaq istəyirəm. Nəvələrini parka gətirib gəzdirən, istirahət üçün çıxan adamların təşəkkürü məni hər gün Həcc ziyarətinə aparıb-gətirir" — o vurğulayır.

© Sputnik / Ilham Mustafayev"Qəhrəmanlar parkı"ndakı abidə
Qəhrəmanlar parkındakı abidə - Sputnik Azərbaycan
"Qəhrəmanlar parkı"ndakı abidə

Müsahibimiz zəhmətinin bəhrəsi ilə fəxr edir: "İşlədiyim vaxt alın tərim süzülüb çənəmdən torpağa damcıladıqca, elə bilirəm ki, hər damcıda ömrüm 1 il artır. Nə qədər ki, əlim tutur, gözüm görür burda işləyəcəm".

Təmənnasız insan özündən sonra parkın abadlığını övladlarının, ailəsinin boynuna indidən bir vəsiyyət kimi qoyduğunu da vurğulayır.

Xəbər lenti
0