BAKI, 15 may — Sputnik. 2011-ci ildə Usama bin Ladenin ölümündən sonra "Əl-Qaidə" terror təşkilatına rəhbərlik edən Eyman Zəvahiri bu dəfə səfirliyini Qüdsə keçirdiyi üçün ABŞ-a qarşı cihad elan edib. Sputnik Türkiyə xəbər verir ki, "Əl-Qaidə"yə bağlı olan sosial şəbəkələrdə Eyman Zəvahirinin 5 dəqiqəlik video-müraciəti yayımlanıb.
"Əl-Qaidə" lideri, eyni zamanda Fələstin rəhbərlərini Fələstini satmaqda günahlandırıb. Terror təşkilatının rəhbəri bir çox müsəlman və ərəb ölkələrini İsraillə iş birliyi qurmaqda ittiham edib.
"Onların çoxu açıq və ya gizli şəkildə Təl-Əviv və Qərbi Qüdsü İsrailin paytaxtı olaraq qəbul edir. Lakin Təl-Əviv də müsəlmanların torpağıdır, yəhudilərə verilə bilməz", — Zəvahiri bəyan edib.
Qeyd edək ki, ötən gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.
Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşmalar nəticəsində isə 59 nəfər ölüb, 2771 nəfər isə yaralanıb.