BAKI, 14 may — Sputnik. Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə baş verən toqquşma nəticəsində ölənlərin sayə 41-ə çatıb. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən xəbər verir ki, ümumilikdə aksiyalar zamanı yaralıların sayı 1693-ə yüksəlib.
Qeyd edək ki, bu gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülür. Açılış mərasiminə ABŞ və İsrail rəsmilərinin qatılacağı gözlənilir.
ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub.
Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri öz vahid və bölünməz paytaxtı elan edib. İsrailin bu addımı dünya birliyinin etirazına səbəb olub.