Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İndi də bu hoqqa çıxıb: Pulumuz var, xərcləmək olmur

© pixabay / 3112014Кредитная карта и POS-терминал, фото из архива
Кредитная карта и POS-терминал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Post-terminaldan istifadə etməməyə görə cərimənin müəyyənləşdirilməsi ilə bağlı təkliflərimizi hökumətə təqdim etmişik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 may — Sputnik. Mağazalarda post-terminalların olmaması, yaxud işlək vəziyyətdə olmaması ilə bağlı mütəmadi şikayətlər meydana çıxır. Hətta ötən ay vergilər nazirinin müavini Sahib Ələkbərov da jurnalistlərə açıqlamasında bu problemi dilə gətirmişdi.

"Böyük hotellərin, ticarət mərkəzlərinin əksəriyyətində də post-terminallar mövcuddur. Kiçik hotellər və mağazalarda bu və ya digər bəhanələr əsas gətirilərək bildirilir ki, pos-terminal yoxdur. Amma axtaranda piştaxtanın arxasında pos-terminal görürük. Bu pos-terminallar işləməlidir" — deyən nazir bildirmişdi ki, pos-terminaldan imtina olunmasına görə qanunvericilikdə müəyyən tələblər qoyulmalıdır.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Vergi Məcəlləsində post-terminalların quraşdırılmamasına görə hər hansı bir cərimə və cəza nəzərdə tutulmayıb: "Nəticədə, məsələn, vətəndaş plastik kartla ödəniş etmək istəyir, amma, ona plastik kartla ödəniş imkanı yaradılmır və istehlakçının hüququ pozulur".

İqtisadçı əlavə edib ki, bu, istehlakçınını hüququnun pozulmasına gətirib çıxaran bir səbəbdir: "Xeyli sayda istehlakçı bizə müraciət edir ki, bəzi hallarda nəinki kiçik restoranlarda, Bakının tanınmış restoranlarında belə, plastik kartla ödəniş qəbul edilmir. Nəticədə yaxınlıqdakı bankomatlardan nağd pul çıxarmağa məcburdurlar. Bəzi hallarda isə həmin kartın məxsus olduğu bank olmur və bu da istehlakçıların əlavə ödəniş etməsinə gətirib çıxarır".

Ekspertin fikrincə, qaydaların ağırlaşdırılmasına və post-terminalların bütün satış, xidmət və ticarət obyektlərini əhatə etməsinə nail olunmasına ehtiyac var: "Bir müddət öncə post-terminallardan istifadə etməməyə görə cərimələrin müəyyənləşdirilməsi ilə bağlı təkliflərimizi hökumətə, o cümlədən Vergilər Nazirliyinə təqdim etmişik".

V.Bayramov vurğulayıb ki, bir sıra biznes subyektləri post-terminalların quraşdırılmasından imtina edir: "Çünki post-terminaldan istifadə biznes üçün gəlirlərin qeydiyyata alınması deməkdir. Bəzi hallarda sahibkarlar nağd pula üstünlük verirlər ki, vergidən yayınsınlar. Post-terminallar nəticə etibarı ilə sahibkarların fəaliyyətinin şəffaflaşmasına və onların vergiyə cəlb edilməsinə zəmin yaradır. Amma çox təəssüf ki, bir sıra sahibkarlar, xüsusən vergi ödəməkdə maraqlı olmayan sahibkarlar post-terminalların quraşdırılmasında maraqlı deyillər".

İqtisadçının sözlərinə görə, böyük-kiçikliyindən asılı olmayaraq, bütün hotel, xidmət və satış obyektlərində post-terminalların quraşdırılması imkan verəcək ki, həmin qurumların dövriyyəsinə nəzarəti gücləndirmək, vergidən yayınmasının qarşısını almaq mümkün olsun. Və nəticə etibarı ilə dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsi reallaşsın.

Bank kartları, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nağdsız hesablaşma ölkə iqtisadiyyatına nə qazandırır?

Bayramovun qənaətincə, bu, digər tərəfdən istehlakçılara ödəniş imkanı verəcək: "Ölkəyə gələn turistlərin sayı artıb. Heç də bütün turistlər bahalı hotellərdə qalmır. Kiçik hotellərdə qalan turistlərin ödənişlə bağlı problemləri var. Onların bir qismi plastik kartla ölkəyə gəlir və bununla ödəniş həyata keçirə bilmirlər. O baxımdan, post-terminalların hər yerdə olmaması həm də ölkəyə gələn turistlərin sayına təsir göstərir. Bu, turizmin inkişafını əngəlləyən faktorlardan biridir".

"O baxımdan büdcəyə daxil olmaların artırılması, turistlərin ölkəyə gəlməsinin təşviq edilməsi, vergidən yayınmanın qarşısının alınması, biznesdə şəffaflığın təmin edilməsi, istehlakçının hüquqlarının qorunması baxımından post-terminalların daha çox və əksər obyektləri əhatə etməsi məqsədəuyğundur", — deyə ekspert bildirib.

Bu sahədə cərimələrin tətbiq edilməsinə gəlincə, ekspert bildirib ki, post-terminaldan istifadə etməməyə görə cərimələr, kassa aparatından istifadə etməməyə görə müəyyənləşdirilmiş cərimələrlə eyniləşdirilə bilər.

Qeyd edək ki, vergilər nazirinin müavini Sahib Ələkbərov bunları da qeyd edib: "Azərbaycanda turizm inkişaf edir. Turist özü ilə pul torbası gəzdirməlidir? Əlbəttə, kartlardan hər yerdə istifadə olunur, Azərbaycanda da istifadə olunmalıdır. Son 1-2 ildə ölkədə pos-terminalların sayı bir qədər azaldı. Azalma bank sistemində olan dəyişikliklərlə bağlıdır. Bağlanan banklar oldu".

© KarikaturaPullu ərəb
Pullu ərəb - Sputnik Azərbaycan
Pullu ərəb

"Nağdsız hesablaşmalara keçidin müəyyən alternativi yoxdur. Kimsə düşünür ki, geri dönüş olacaq, bu, mümkün deyil. Dünya bir istiqamətə gedir, biz bu istiqamətin əksinə getməyəcəyik. Bu, qanunun tələbidir, dövlət başçısının qarşımıza qoyduğu tələbdir. Biz çalışmalıyıq ki, istehlakçıların hüquqları qorunsun", — deyə nazir müavini vurğulayıb.

Xəbər lenti
0