BAKI, 14 may — Sputnik. Bü gün "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda ictimai müzakirə keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev açıb.
R.Həsənəliyev bildirib ki, bir çox dövlət proqramlarını həyata keçirilməsi Azərbaycanın daha da çox uğur qazanmasına səbəb olur: “Biz dünyada sürətlə inkişaf edən ölkələr sırasına adımızı yazdıra bildik. Eyni zamanda Azərbaycanın iqtisadiyyatı da inkişaf edən sahələrdəndir. Bu sahələrdən biri də gömrükdür. Biz günü-gündən gömrük sahəsində işlərimizi mükəmməlləşdiririk ki, uğurlu işlər ortaya çıxaraq".
Daha sonra Açıq Hökumət Platformasının koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edib. O, tədbir iştirakçılarına təşəkkürünü bildirib və bu tədbirin iştirakçılar üçün faydası olacağını vurğulayıb. Ə.Nuriyev tədbirdə müzakirə zamanı yeni fikirlərin ortaya çıxacağını qeyd edib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Qasımov, Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev çıxış ediblər.
Məruzələr başa çatdıqdan sonra tədbir ümumi müzakirələr ilə davam edib.