BAKI, 14 may — Sputnik. Böyük Britaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BBC-nin "Hard Talk" verilişinə geniş müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti ölkəsi və dünyada baş verənlərə münasibət bildirib.
Ərdoğan "Suriya hökumətinə dəstək verən Rusiya və İranla əməkdaşlığı üstün tutdunuz" sualına "mən bu gün də Bəşər Əsədə qarşıyam" deyə cavab verib: "Bəşər Əsədin yanında deyiləm. Lakin istər Rusiya, istərsə də İranla birgə atdığımız addımlar Suriyada xalqın sülh içində yaşaması üçün atılan addımlardır".
ABŞ terror təşkilatları ilə birgə hərəkət etdi
"Əgər biz ABŞ, İngiltərə, Fransa ilə bu işləri apara bilsəydik, bəlkə də indi onlarla bərabər Suriyada bu prosesi başlatmışdıq. Lakin biz onlarla bir hərəkət etmək istəmədik. Məsələn, Raqqa əməliyyatında ABŞ terror təşkilatları ilə birgə hərəkət etdi. Bu işi bərabər görək dedik, bizimlə birgə etmədilər" — Türkiyə prezidenti bildirib.
Atadan qalma rejim…
Ərdoğan, eyni zamanda qeyd edib ki, o və onun ölkəsi Əsədin hakimiyyətdə qalmasına qarşıdır: "Suriya hökuməti terror rejimidir. Atasından qalma rejim bütün xəyanətləri ilə davam edir və terror hökuməti Suriyada hələ də qalmaqdadır. Suriya bu terror hökumətindən qurtulmalıdır".
Silahı haradan tapırıqsa, oradan da alırıq
Türkiyənin Rusiyadan aldığı "S-400" raket komplekslərinin NATO sistemi ilə uyğun olmadığı iddiaları ilə bağlı sualı Ərdoğan belə cavablandırıb: "Bu münasibəti doğru hesab etmirəm. Çünki NATO baş katibi çox aydın şəkildə açıqlama verib ki, üzvlərimiz istədikləri ölkələrdən silah ala bilər. Əgər mən Türkiyə olaraq ABŞ-dan və ya NATO-ya üzv olan digər ölkədən silah ala bilmirəmsə, onda bu silahı haradan taparamsa, oradan da alaram. Biz Rusiya ilə birgə silah istehsal etmək öhdəliyi üzrə bir saziş bağladıq və Rusiyadan da bu "S-400"-ləri alacağıq".
Verdinizmi, almadıq?
Raket kompleksləri ilə bağlı ABŞ prezidenti Donald Trampla da danışdığını deyən Ərdoğan qeyd edib: "Dedim ki, "Siz verdinizmi, biz də almadıq?" Vermədiniz. İndi isə biz "S-400"-ləri Rusiyadan çox yaxşı şərtlərlı alırıq və alacağıq da. Sazişlərimizi birlikdə imzaladıq. Bizim bu məsələ ilə bağlı hər hansı bir narahatlığımız yoxdur. Biz işimizi bitirdik, imzaları atdıq".
Bölgədə müharibə ehtimalı var
İsrail ilə İran arasında gərginlik barədə isə Ərdoğan bunları deyib: "Bu an vəziyyətin nəzarətdən çıxması sualı mənə görə yanlışdır. Bu gün İsrail Suriya torpaqlarının 50 faizinə raket atıbsa, bu nədir? Bu, bölgədə müharibəyə təhrik etməkdir. İsrail zatən buralarda, bu bölgədə davamlı olaraq terror törədir. İndi atılan bu addım yenə terrora yönələn bir addımdır. Niyə bu raketlər atılır, hansı səbəbdən atılır və nə etmək istəyirlər?
İsrail tərəfi, guya İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Colan təpələrinin atəşə tutulması barədə məlumatların tam dəqiq olmadığını bildirib. Məsələ ilə bağlı İran prezidenti Həsən Ruhani ilə də danışmışam. Onlar belə bir şeyi qəbul etmirlər. Bu gediş də yaxşı bir gediş deyil. Dolayısı ilə tez bir zamanda sülhə istiqamətlənən addımlar atmaq lazımdır. Əgər sülhə doğru addımlar atılmazsa, onda Yaxın Şərqin gələcəyi ciddi narahatlıqlara hamilədir".
ABŞ-ın qərarını qəbul etmirik
Ərdoğan Trampın İranla nüvə razılaşmasından imtina etməsi barədə də fikir bildirib: "ABŞ-ın bu mövqeyini digər ölkələr qəbul etmir. ABŞ-ın bu qərarını biz də qəbul etmirik və ona əməl etməyəcəyik. Bizim mövqeyimiz bu qədər açıqdır. ABŞ-ın hazırda nə qədər nüvə silahı var? Fransanın nə qədər nüvə silahı var? Onların hamısında nüvə silahı var. Bütün bunlar dünyanı nüvə silahı ilə təhdid edərkən başqalarının nüvə silahı əldə etməsini təhdid olaraq görürlər. Bütün bunları anlamaq mümkün deyil və biz dünyada sülhə əsl təhdidi məhz bunda görürük".