BAKI, 12 may — Sputnik. Tbilisidə parlament qarşısında Rustaveli prospektində günorta saatlarından etibarən keçirilən etiraz aksiyası davam etdiriləcək.
APA-nın məlumatına əsasən, bu barədə aksiyanın təşkilatçılarından olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili deyib.
Tbilisi meri Kaxa Kaladzenin etirazçılara müraciətinə münasibət bildirən B.Tsikarişvili deyib ki, şəhər meri narkotiklərlə bağlı siyasət barədə danışmamalıdır: “Bu barədə baş nazir və daxili işlər naziri danışmalıdır”.
Hərəkat lideri qeyd edib ki, parlament qarşısında çadırlar qurulur və aksiya gecə də davam etdiriləcək.
Aksiya iştirakçıları saat 22:00-a qədər baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı bəyanatla çıxış etməyə çağırmışdılar. Hökumət administrasiyasından G.Kvirikaşvilinin bəyanat vermək niyyətində olmadığı bildirilib.