BAKI, 10 may — Sputnik. Finlandiya sakinləri əriyən buzlaqlardan birində ABŞ prezidenti Donald Tramp üçün buzdan böyük abidə yonmağa hazırlaşırlar.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Finlandiyanın "Melting Ice" Ekoloji Təşkilatının fəalları Amerika prezidentinin 35 metrlik fiqurunu hazırlayacaqlar.
Fəallar bildirirlər ki, onlar Trampın iqlimin dəyişməsinin canlı simvolu olmasını istəyirlər. Abidə Trampmor (Tramp və Raşmor) adlandırılacaq.
Hələ ki, abidə üçün yer seçilməyib. Amma onun İslandiya və ya Qrenlandiyada olması planlaşdırılır.
Ekoloqların fikrinin reallaşdırılması üçün 400 min avro tələb olunur. Fəallar bu pulu yığmağı düşünürlər. Əgər pul yığılsa, fəallar tanınmış rəssamlardan birinə müraciət edəcəklər. Bundan əlavə, onlar “buz Trampın” ərimə prosesini də canlı yayımlamağı düşünür.
Xatırladaq ki, Donald Tramp qlobal istiləşmə faktını inkar edir. O, ötən ilin iyununda Amerikanın 2015-ci ildə imzalanan iqlimlə bağlı Paris razılaşmasından çıxdığını elan edib.