BAKI, 8 may — Sputnik. Avroviziya (Eurovision-2018) beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun Altice arenasında keçiriləcək.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, birinci yarımfinalda finaldakı 10 yerə vəsiqə qazanmaq üçün 19 ölkə yarışacaq.
Tədbirin ilk çıxışını Azərbaycan təmsilçisi Aysel edəcək. Püşkatmaya əsasən həmin axşam İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yunanıstan, Finlandiya, İsveçrə, İrlandiya, Kipr və Ermənistan təmsilçiləri çıxış edəcəklər.
Müsabiqədə Portuqaliya, İspaniya və Britaniya təmsilçiləri də öz məharətlərini göstərəcəklər. Portuqaliya ev sahibi olduğundan finalda birbaşa iştirak hüququna malikdir. Müsabiqənin finalı mayın 12-də keçiriləcək.
Xatırladaq ki, Aysel Məmmədova yarışmada "X My Heart" adlı mahnı ilə çıxış edəcək. Mahnının final versiyası İngiltərədə hazırlanıb.
Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival" (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), "MuzEnergo Festival of Music İmprovisation" (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.