Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Lənkəran polisi və prokurorluğunun əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adamöldürmə faktının üstünü açıblar.
Bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər.
Bir ay bundan qabaq itkin düşmüş Lerik rayon sakini Mirisi Babayevin cəsədi Lənkəran rayonundakı xüsusi evlərdən birinin zirzəmisində basdırılmış şəkildə tapılıb. Onun qətlində rayonun Aşağı Nüvədi kənd sakini Tələt Dadaşov şübhəli bilinərək saxlanılıb.
Araşdırma zamanı Babayevin niyə öldürüldüyü məlum olub.
Belə ki, martın 19-da Lənkəran rayon Polis İdarəsinə Babayevin doğmaları müraciət edərək onun martın 16-da Sütəmurdov kəndi ərazisində yoxa çıxdığını bildiriblər. Sonra hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, həmin gün Babayev dəvət edildiyi toya gedib. Bir müddət toyda oturandan sonra o, evə getmək üçün taksi tutub. Amma kişi evə gəlib çatmayıb. Aşağı Nüvədi kəndində Babayevin izləri itib.
Sən demə, Babayevin çağırdığı taksinin sürücüsü Dadaşovun özəl taksi xidməti göstərən qohumu olub. Taksi sürücüsü kişini evinə çatdırmayıb, çünki onu hara aparacağını bilməyib. Babayev spirtli içkinin təsirindən möhkəm sərxoş olduğundan yolda yatıb. Taksi sürücüsü onu oyatmağa çox cəhd göstərsə də, alınmayıb. Sərxoş müştərinin onu iş-gücündən edəcəyini düşünən taksi sürücüsü Babayevi öz qohumu Tələt Dadaşovun evinə gətirib. Sürücü Dadaşova deyib ki, müştəri özünə gələndən sonra gəlib onu aparacaq. Bir neçə saat keçəndən sonra ayılan Babayev taksi sürücüsünün onun dalınca gəlmədiyini görərək narazılığını bildirib. Babayev taksi sürücüsünü söyməyə başlayıb. Amma Dadaşov bildirib ki, qohumunun təhqir olunmasına dözmək fikri yoxdur. Ancaq çağırılmamış qonaq dilini dinc saxlamayıb. Bu zaman Dadaşov Babayevin başına zərbə endirib və o, dərhal yerindəcə ölüb. Cinayətin izini itirmək üçün Dadaşov qurbanını evin zirzəmisində basdırıb.
İstintaq Babayevin cəsədinin qalıqlarını çıxararaq müayinəyə göndərib. Faktlа bağlı araşdırma aparılır.