BAKI, 7 may — Sputnik. “Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Həsənov qeyd edib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər: “Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb”.
Azərbaycanda partiya, QHT və KİV-in statistikası barədə məlumat verən Həsənov deyib ki, ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb: “Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Hazırda 55 partiya dövlət qeydiyyatından keçib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır. Hazırda Milli Məclisdə 7 müxalifət partiyası təmsil olunur”.
O nəzərə çatdırıb ki, qanunvericilik QHT-lərin də azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: “Dövlət hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir. Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir".
Ə.Həsənov bildirib ki, dövlət və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizminin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanacaq: "Mühüm dövlət proqramlarının hazırlanmasına QHT-lərin cəlb edilməsi təmin olunacaq. 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun bu məqsədə xidmət edir. Qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılıb”.