İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 7 may — Sputnik. Yay mövsümünün başlamasına çox az müddət qalıb. Artıq Bakı sakinlərinin əksəriyyəti istirahəti keçirəcəyi məkanları belə, indidən seçiblər və ya seçməkdədirlər. Yayda da işləyən, paytaxtdan kənara çıxmaq imkanı olmayan şəxslərin isə istirahət etmək üçün tək seçimi dənizə yaxın qəsəbələrdə yerləşən bağ evləridir.
Sputnik Azərbaycan-ın əməkdaşı yay aylarında paytaxtətrafı qəsəbələrdə kirayə verilən bağ evlərinin qiymətləri ilə maraqlanıb. Daşınmaz əmlak kirayəsi ilə məşğul olan saytların çoxunda kirayə verilən bağ evi və villaların qiyməti indi münasib olsa da, demək olar ki, hamısında "maydan sonra bahalaşacaq" xəbərdarlığı qeyd olunub.
Bilgəhdə, Nardaranda, Mərdəkan, Şüvəlan, Pirşağı qəsəbələrində kirayə verilən bağ evləri və villaların kirayəsi çox bahadır. Alqı-satqı vasitəçiləri isə bunu həmin qəsəbələrin dəniz kənarında yerləşməsi ilə əlaqələndirirlər.
Ev alqı-satqısı ilə məşğul olan Elgün İsmayılovun sözlərinə görə, bağ evlərinin kirayə qiymətləri iyun ayının əvvəllərindən başlayaraq bahalaşacaq: "Hazırda bir çox bağ evləri var ki, boşdur. Əksər evlər ancaq 3 aylığına kirayədə olur. Buna görə də ev sahibləri çalışırlar ki, bu 3 ay müddətində çox gəlir əldə edə bilsinlər".
E.İsmayılov qeyd edib ki, hazırda kirayəsi 300 manata olan bağ evi iyun ayında 600-700 manata olacaq: "Ev sahibləri indi kirayə verəndə də şərtini deyirlər ki, bəs yayda baha olacaq. Yəni ümidlər yaya qalır. Bakıda müxtəlif qiymətə kirayə bağ evləri var. 300 manata da kirayə bağ evi tapmaq olar, 3000-10000 manata da. Hər şey insanların büdcəsinə uyğun hesablanır".
Tikinti eksperti Elnur Fərzəliyev bağ evlərinin kirayəsinin bahalaşmasını yay fəsli ilə əlaqələndirir: "Ümumiyyətlə yayda villaların, bağ evlərinin kirayə qiyməti baha, şəhərdəki mənzillərin kirayəsi isə ucuz olur. Bu da onunla əlaqəlidir ki, yayda məktəblər tətilə bağlanır. Tələbələr, ailələr çoxu rayonlara gedir. Bölgələrə istirahətə gedə bilməyən insanlar isə Bakıətrafı qəsəbələrdə kirayə ev götürürlər. Bu da bağ evlərinin qiymətini artırır.
Qiymətlərin daha çox dənizkənarı kəndlərdə baha olduğunu vurğulayan ekspert əlavə edib ki, bu bahalığın müddəti cəmi 3-4 ay davam edir: "Qışda bağ evində heç kim qalmadığı üçün evlər çox zaman boş olur. Yəni bu bahalaşma mövsümü xarakterlidir. Yay aylarında şəhərin mərkəzində olan həyət evlərinin kirayə qiyməti də artır".
E.Fərzəliyev yay tətilini Bakıda, yayda dənizkənarı bağda istirahət etmək istəyənlərə məsləhət görüb ki, qalmaq istədikləri evi indidən kirayə götürsünlər: "Çünki indi kirayə götürdükləri evləri yayda 2-3 dəfə baha qiymətə kirayələyəcəklər. Amma indi kirayələyəndə bağ sahibi məcbur olub ucuz qiymətə verəcək".
"Bilgəh və Mərdəkan daha çox üstünlük verilən qəsəbələridir. Bu qəsəbələrdə evlərin qiyməti indi də bahadır. Həmin ərazilərdəki bağ evlərinə, villalara daha çox əcnəbilər üstünlük verirlər", — o deyib.