CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibədən də amansız olan zaman: 30 minlik diviziyadan sağ qalan 2 nəfərdən biri

© Sputnik / Ilham Mustafayevİkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqazdan Yuqoslaviyayadək döyüş yolu keçmiş müharibə veteranı ən amansız düşməndən danışıb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Faşizm üzərində qələbənin yaşı artdıqca bu qələbədə payı olan insanların da sıraları seyrəlir. Dünyanın ən qanlı müharibəsi haqqında çox filmlər çəkilib, çox kitablar yazılsa da, əsl həqiqətləri canlı şahidlərin dilindən eşitmək insanda daha dolğun məlumat yaradır. Belə şahidlərdən biri də Mingəçevir şəhərində yaşayan Böyük Vətən müharibəsi iştirakçısı Baba Əliyevdir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri veteran Baba Əliyevlə görüşüb, müharibə haqqında xatirələrini dinləyib.

© Sputnik / Ilham Mustafayevİkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev - Sputnik Azərbaycan
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev

1921-ci ildə Ağdaş rayonunda anadan olan Baba Əliyev 21 yaşında vətənin müdafiəsinə qoşulub. Buna qədər isə Zaqatala Pedaqoji Texnikumunu bitirməyə, Qəbələ rayonunun Qum kəndində müəllim işləməyə də imkan tapıb. Lakin vətənin dar günündə 650 min soydaşımız kimi o da silaha sarılıb.

İlk günlərdən xidmətdə fərqlənən Baba Əliyev elə ilk döyüşündə "За отвагу" (Şücaətə görə) medalıyla təltif edilib. Bundan sonra savad və bacarığına görə komsomol partiya katibi seçilərək döyüşlərdə iştirak etməklə yanaşı təbliğat işi ilə də məşğul olub. Elə bu səbəbdən də 97 yaşlı veteran müharibə vaxtı adi əsgərlərin bilmədiyi çox məlumatlardan xəbərdar olub.

Şücaətli veteran o günləri belə xatırlayıb: "Təzə-təzə müharibə başlayanda azərbaycanlılara etibar etmirdilər. Bu, Stalinin qulağına çatanda Bağırovu yanına çağırtdırır, azərbaycanlıları döyüşkən xalq kimi tanıdığını, bu söz-söhbətin haradan qaynaqlandığını soruşur. Bağırov ona cavab verir ki, "Yoldaş Stalin, bunun bir səbəbi var, o da rus dilini bilməməklə bağlıdır. Siz icazə verin, mən milli diviziyalar yaradım, onlar qəhrəmanlıqlar göstərməsələr, mən özümü güllələyəcəm". Bundan sonra Bağırov azərbaycanlılardan ibarət 5 diviziya yaradır ki, indi də hər birinin qəhrəmanlığından danışılır".

© Sputnik / Ilham Mustafayevİkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev - Sputnik Azərbaycan
İkinci dünya müharibəsi iştirakçısı Baba Əliyev

1942-ci ilin yayından 223-cü milli atıcı diviziyanın tərkibində döyüşlərə qatıldığını deyən müharibə iştirakçısı həmin dövrdə ən ağır döyüşlərin Şimali Qafqazda getdiyini qeyd edib: "Buna səbəbi o idi ki, Hitler döyüşləri analiz edərək generallarına səhv istiqamətdə döyüşdüklərini, ilk olaraq Leninqrad, Moskva, Stalinqrad kimi şəhərlərdən öncə Bakını ələ keçirməli olduqlarını deyir. SSRİ ordusunu 80-90% benzin və sürtgü yağları ilə təmin edən Bakını tutmaq üçün əsas qüvvələrini Şimali Qafqaza göndərir".

Bakıdan Qroznuya kimi 200-dək müdafiə xətti yaradıldığından danışan veteran hərbçi almanları yalnız Terekin sahilində dayandırmağın mümkün olduğunu söyləyib: "1942-ci ilin dekabrın 8-də bütün Şimali Qafqaz cəbhəsi boyu əks hücuma başladıq. Bir neçə alay getdi, qırıldı. Bundan sonra Moskva cəbhəsindən göndərilən hərbi aviasiya polkunun köməyilə almanların cəbhəsini yardıq. O hücumun davamı olaraq 223, 406 Azərbaycan milli diviziyaları Moldovanı, Rumınıyanı azad edib Yuqoslaviyaya kimi getdi. Qələbəni Belqradın mərkəzində qeyd elədik".

Zamanın müharibədən daha amansız olduğunu deyən Baba Əliyev 30 minlik diviziyadan hazırda yalnız 2 nəfərin sağ qaldığını təəssüflə qeyd edir.

Xəbər lenti
0