BAKI, 4 may — Sputnik. Paytaxtın daxili işlər orqanları ötən sutka ərzində bədənə xəsarət yetirməklə bağlı iki faktı qeydə alıb. Binəqədi rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda seksual azlığın nümayəndəsinə soyuq silahla hücum edilib.
Belə ki, Binəqədi rayonunda 5-ci polis bölməsinin ərazisində dörd nəfər arasında dava düşüb. Bu zaman 1994-cü il təvəllüdlü Şükran Qurbanov bıçaq yarası alıb. Cinsi azlıqların nümayəndəsi olan gəncə boyun nahiyəsindən xəsarət yetirilib.
İlkin məlumata görə, dava iştirakçıları arasında mübahisə Qurbanovun digər həmcinsinə əxlaqsız təklif etməsindən sonra yaranıb. Əldə etdiyimiz məlumata görə, Ş.Qurbanov küçədə bir neçə gənc oğlana sataşıb və onlara cinsi yaxınlıq təklif edib. Bu, gənclərin qəzəbinə səbəb olub, yaranan mübahisə davaya çevrilib və Qurbanovun bıçaqlanması ilə nəticələnib.
Polisdən bildiriblər ki, davanın bütün iştirakçıları (hələlik adları açıqlanmır) saxlanılıb. Onlara qarşı AR Cinayət Məcəlləsinin 221-ci maddəsi (Xuliqanlıq) ilə cinayət işi açılıb.
Sutka ərzində daha bir bıçaqlanma hadisəsi də Xəzər rayonunda qeydə alınıb. Burada cinayətin qurbanı Türkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Mirzəyev Mirzəli Əsgər oğlu olub. Mirzəyev ona hücum edən şəxsi tanımadığını bildirib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu hadisə ilə bağlı həqiqəti üzə çıxarmağa çalışırlar.