Bakı, 3 may — Sputnik. Rusiyanın Ryazan şəhərində 22 yaşlı azərbaycanlı qətlə yetirilib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə mayın 2-də baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü azərbaycanlı 47 yaşlı sərnişini tərəfindən bıçaqla qətlə yetirilib.
Rusiya İstintaq Komitəsinin Ryazan vilayəti üzrə Baş İstintaq İdarəsinin yaydığı məlumata əsasən faktla bağlı RF Cinayət Məcəlləsinin 105.1-ci maddəsi (Qəsdən adamöldürmə) cinayət işi açılıb. İstintaqın versiyasına görə, mayın 2-də gecə saatlarında şəxsi "Nissan Almera" avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı (adı açıqlanmır) sərxoş vəziyyətdə olan 1961-ci il təvəllüdlü sərnişini tərəfindən bıçaqlanıb. Sərnişin azərbaycanlı gəncin boğaz nahiyəsinə bıçaqla zərbələr endirib. Azərbaycanlı gənc maşından çıxaraq kömək çağıra bilib. Onu xəstəxanaya çatdırıblar. Lakin azərbaycanlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yerli KİV-lərin yaydığı məlumata görə, azərbaycanlı gənc atası ilə birlikdə Ryazanda yaşayıb, anası isə Azərbaycanda yaşayır. Mərhumun dörd aylıq körpəsi var.