BAKI, 2 may — Sputnik. Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla iki Koreya arasındakı neytral zona olan Panmuncon kəndində görüşməyə razılıq verib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu CNN-ə adı açıqlanmayan mənbə bildirib.
Telekanalın həmsöhbəti bildirib ki, bu variantı tərəflərə Koreya Respublikasının prezidenti Mun Çje İn 27 aprel sammiti zamanı təklif edib. Panmunconda keçiriləcək görüşdə müzakirə ediləcək mövzuların tezisləri artıq hazırdır.
Görüş zamanı bir sıra tədbirlərin sərhəddin Şimali Koreya tərəfində keçirilə biləcəyi açıqlanıb.
Bir müddət əvvəl Tramp Kim Çen Inla görüşün dəqiq tarixini və yerini tezliklə açıqlayacağını bildirmişdi. O, jurnalistlərlə görüşün yaxın 3-4 həftə ərzində baş tutacağını demişdi.
Aprelin 30-da Tramp öz "Twitter" hesabında yazmışdı ki, "bizim görüşümüzün keçirilməsi üçün bir çox ölkə nəzərdən keçirilir, amma üçüncü ölkədənsə, Şimali və Cənubi Koreya sərhəddindəki "Sülh evi" daha layiqli, əhəmiyyətli və yaddaqalan olmazmı?" Sözügedən ev Panmunconda yerləşir.
Daha əvvəl isə belə şayiə yayılmışdı ki, Trampla Kim Sinqapurda, yaxud Monqolustanda görüşəcək.
Aprelin əvvəllərindən etibarən Vaşinqtonla Pxenyan iki dövlətin başçıları arasında keçiriləcək gizli görüşə hazırlıq prosesinə başlayıb. Bu prosesə MKİ-nin keçmiş direktoru, ABŞ-ın dövlət katibi Maykl Pompeo nəzarət edir.