BAKI, 1 may — Sputnik. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 26 aprel 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Hadisə Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində "Pusqu" sərhəd "naryadı"nda olan sərhədçilər tərəfindən arxa istiqamətdən mühəndis çəpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşahidə olunub və hərəkətləri nəzarətə götürülüb.
Həmin şəxslər sərhəd "zastavası"nın mühəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd "naryadı" tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar.
Araşdırma zamanı Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaşları — 1987-ci il təvəllüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı Santhırakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheeskumar, 1994-cü il təvəllüdlü Gunaslgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olduqları müəyyən olunub.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.