BAKI, 1 may — Sputnik. ABŞ-da 96 yaşlı veteran universitet diplomu alıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Ohayo ştatının Toledo şəhərində İkinci Dünya müharibəsinin veteranı 68 il əvvəl yarımçıq buraxdığı universitetdən diplom alıb.
Məlumata görə, 1950-ci ildə pilot Bob Barger Toledo universitetinə daxil olub. 3 ildən sonra isə dərsləri buraxıb. Çünki iş və ailə ona təhsilini davam etdirməyə imkan vermirmiş. Bir neçə il əvvəl universitetin veteranla tanış olan əməkdaşı bundan xəbər tutub. Arxivi axtaran universitetin əməkdaşı müəyyən edib ki, Bob Barger universitetin iki illik diplomunu ala bilər. 1950-ci ildə universitetdə belə diplom olmayıb.
Beləliklə, 96 yaşlı tələbə universitetin tarixində ilk yaşlı məzun olur.
"Mən bu barədə heç arzulaya da bilmirdim" – deyə Barger bildirib.
Barger zarafatla qeyd edib ki, diplomu alıb, indi elə bir iş tapmaq lazımdır ki, orada qolf oynamaq mümkün olsun.