BAKI, 30 aprel — Sputnik. Mayın 1-dən 31-dək Bakı şəhərində növbəti dəfə keçiriləcək ticarət festivalı ilə əlaqədar olaraq banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) verilən məlumata görə, 23 bankın 48-dən çox filial və şöbəsi Baku Shopping Festivalda müştərilərə xidmət edəcək.
Festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcəklər.
Tədbirlə əlaqədar olaraq MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir sualla bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına (Vüsal Həsənov, vüsal.hasanov@fimsa.az, (+994) 12 493 50-58 (daxili 429)) müraciət edə bilərlər.
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib. Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fimsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.