Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 29 aprel — Sputnik. Qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dair Prezidentin “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabrında sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən 13 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) iki mərhələdə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub.
Tut ipəkqurdu toxumlarının kümçülərə paylanılması münasibətilə aprelin 28-də Damazlıq İpəkçilik Stansiyasında keçirilən tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov rayonların baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə barama qurdlarının bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, ötən il baramaçılıq sahəsindən 3 mindən çox kümçü ailəsi yararlanıb.