Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 28 aprel — Sputnik. “Astaraçay MMC” yarandığı 7 il müddətdə mövcud texnologiyalardan istifadə edərək 450 hektardan artıq sahədə çay əkib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin bildirdiyinə əsasən, Lənkəranda çiling üsulu ilə Yaponiyadan gətirilən çayın əkini həyata keçirilib.
“Astaraçay MMC”-nin aqronomu Rövşən Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, çayçılıqda əsas problem SSRİ dağıldıqdan sonra istifadəsiz qalan çay sahələrinin bərbad hala düşməsi olub: “Biz çayçılıq işinə start verəndə böyük çətinliklərlə üzləşdik. Texnika qıtlığı, gübrələrin çatışmazlığı “Kolxida” çay növünün əldə edilməsində böyük çətinliklər yaratmışdı. Bu günə qədər ölkəmizin çay təsərrüfatında yalnız toxum üsulu ilə əkilmədən istifadə edilirdi. İlk dəfə olaraq “Astaraçay MMC” Yaponiyadan gətirilmiş yüksək məhsuldarlıq göstəriciləri olan çay çilinglərini əkib. 2500 ədəd 3 çay növünün tingləri gətirilib və 15 sot sahədə əkilib. Bunlar 1 illik tinglərdir. Bu növün seçilməsinin əsas səbəbi isə yerli şəraitdə şaxtaya davamlılığı və yüksək məhsuldarlıqdır”.
R.Əliyev deyir ki, sözügedən ərazi çay istehsalı üçün nəzərdə tutulmayıb. Bu sahədə əkilən çaylar 3 il ərzində sınaq keçdikdən sonra artırılaraq yeni torpaq sahələrinə köçürüləcək: “Bunun əhəmiyyəti ondan ibarətdir ki, çay bitkisi daha 8-12 il müddətinə deyil, 4-5 müddətinə məhsuldarlığa düşür. Əkilən bu çay növünün keyfiyyəti də yüksək olur”.
Qeyd edək ki, innovativ tədbir olaraq istifadə edilən yapon çay əkmə texnologiyasının tətbiqi intensiv yollarla daha az sahədə yüksək məhsuldarlıq əldə etməklə çayçılığın inkişaf etdirilməsinə yol açacaq.