BAKI, 28 aprel — Sputnik. "Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə 12:10 radələrində daxil olub. Yanğın təxminən 3 saatdan artıq davam edib, tam söndürülüb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".