BAKI, 27 aprel — Sputnik. "Facebook"un yaradıcısı Mark Zukerberqin sərvəti 5,7 milyard dollar artaraq 69,4 milyard dollara çatıb.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, məlumat sızmaları ilə bağlı qalmaqaldan sonra "Facebook"un səhmlərində ciddi şəkildə azalmalar olub və 19 mart ilə 24 aprel arasında "Facebook" səhmləri 13,7 faiz ucuzlaşıb. Ancaq şirkətin xalis mənfəət və gəlirinin artması barədə məlumatlar dünən səhmləri bahalaşdırıb.
Mark Zukerberqin sərvəti də dünən 5,7 milyard dollar (8,9 faiz) artaraq 69,4 milyard dollara yüksəlib. Bu nəticə ilə Zukerberq "Forbes" jurnalının milyarderlər siyahısında 7-ci yerdən 5-ci yerə yüksəlib.