BAKI, 27 aprel — Sputnik. Tehran yaxınlığında tapılan mumiyanın Rıza Şah Pəhləviyə məxsus olduğu iddia edilir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bazar ertəsi Tehranın cənubunda Şah Reydə türbəsinin inşası zamanı mumiya tapılıb. Rıza Şah Pəhləvinin yaxınları mumiyanın böyük ehtimalla Şaha aid olduğunu iddia edir.
Qeyd edək ki, Pəhləvinin Şah Reydə olan məzarı 1979-cu ildə köçürülmüş, lakin məzardan çıxarılan mumiya yox olmuşdu.
1925-1941- ci illərdə hakimiyyətdə olan Pəhləvinin ABŞ-da yaşayan nəvəsi mumiyanın babasına aid olduğunu düşünür. Babasının adını daşıyan Rıza Pəhləvi İran hakimiyyətinə müraciət edərək, mumiyanın kimə aid olduğunun araşdırılması və bundan sonra İslam adətinə uyğun şəkildə dəfn edilməsinə icazə verilməsini istəyib.
Tehran Mədəni Miras Komitəsinin rəhbəri də mumiyanın Rıza Şaha aid olduğu ehtimalını dilə gətirib.
Qeyd edək ki, hərbçi olan Rıza Şah 1921-ci ildə ölkədə çevriliş etmiş, 1925-ci ildə İran rəhbərliyini ələ keçirərək ölkədə Pəhləvilər sülaləsinin hakimiyyətinin əsasını qoymuşdu.