ELM

Əhalini intizarda saxlayan qərar gündəmə gəldi, 7 il əvvəl əksi baş vermişdi

CC0 / sebagee / Children's shoesUşaq ayaqqabıları, arxiv şəkli
Uşaq ayaqqabıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılması vacibdirmi?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Milli Məclisin keçirilən növbəti plenar iclasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova maraqlı təklif irəli sürüb. Belə ki, Ombudsman məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edib. O bildirib ki, uşaq bağçalarında mövcud olan yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
ELM
"Təhsil Nazirliyinin keçmiş səlahiyyəti bərpa olunsun"

Qeyd edək ki, uşaq bağçaları 2011-ci ilədək Təhsil Nazirliyinin balansında olub, ancaq həmin il paytaxt bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH), rayonlar üzrə isə yerli icra hakimiyyətlərinin tabeliyinə verilib. Bu müddət ərzində ekspertlər bu yerdəyişmənin heç də uğurlu olmadığını, problemlərin həllinə heç bir fayda vermədiyini, əksinə, neqativ halların baş verdiyini bildiriblər.

Zaman-zaman uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifi irəli sürülüb. Bu məsələnin ölkənin Ombudsmanı tərəfindən yenidən gündəmə gətirilməsi isə ictimaiyyət arasında geniş rezonans doğurub. İnsanlar maraqlanırlar ki, məhz bu təklifdən sonra uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin balansına qaytarılması baş tuta bilərmi?

Məsələ ilə bağlı təhsil naziri Ceyhun Bayramov özü də mətbuata açıqlama verib. O deyib ki, ötən il Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanun qəbul edilib: "Ölkədə məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb, normativ hüquqi aktlar formalaşıb. Məktəbəqədər təhsillə bağlı hakimiyyətin müxtəlif qolları arasında funksiyalar qanunvericilikdə tamamilə açıq şəkildə göstərilib".

"Məzmuna görə cavabdehlik funksiyası, məktəbəqədər təhsil müəssisələrinin saxlanılması funksiyası hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir və digər funksiyalar Azərbaycan qanunvericiliyində çox dəqiq formada öz əksini tapıb" — nazir vurğulayıb.

Yeni təklifi Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Kamran Əsədov Ombudsmanın fikrini belə qiymətləndirib: "Təəssüf ki, uşaq bağçaları Təhsil Nazirliyindən alındı və icra hakimiyyəti orqanlarının balansına verildi. Bundan sonra təhsil pillələri arasında vahidlik və varislik prinsipi pozuldu. Düşünürəm ki, bağçalarin yenidən Təhsil Nazirliyinin balansına verilməsi müsbət təsir göstərəcək".

© Sputnik / Murad OrujovЭксперт в области образования Кямран Асадов
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan
Эксперт в области образования Кямран Асадов

Ekspert, həmçinin bundan sonra tədris vahidliyinin qorunması şərti ilə bağçaların özəlləşdirilməsini də təklif edib: "Azyaşlıların bağçalara getməsi çox vacibdir. Belə ki, orada uşaqlar kollektivə alışır, özlərini aparmağı, süfrə mədəniyyətini öyrənirlər. Mən düşünürəm ki, bu sahəyə kifayət qədər vəsait ayrılsa da, özəl bağçaların şəbəkəsi genişləndirilməlidir".

"Amerikada bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür" — K.Əsədov bildirib.

Ekspert onu da vurğulayıb ki, uşaq bağçalarında təhsilə yanaşma və baxış dəyişməlidir: "Təəssüf ki, bunu hələ də təhsil kimi qəbul edə bilmirlər. Məktəbəqədər təhsilə 1-3 yaşda cəlb edilən uşaqların psixoloji inkişafı məqsədyönlü şəkildə aparılır. Bunu tədqiqatlar da sübut edir. Bu da onun bilik səviyyəsini, ətraf aləmlə tanışlığı, digər həmyaşıdları və böyüklərlə ünsiyyətidir. Burada özünəməxsus cəmiyyətdə uşağın inkişafı nəzarət altına alınır".

Müsahibimiz bu gün bağçaların vəziyyətinin heç də ürəkaçan olmadığını qeyd edib: "Dövlət büdcəsinin vəsaiti hesabına hər il təmir olunsa da, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün heç bir addım atılmır".

"Onlar tədris resursları ilə çox zəif təmin olunub. Bütün bunları nəzərə alaraq, bağçaların yenidən Təhsil Nazirliyin balansına verilməsi vacibdir" — Əsədov əlavə edib.

Xəbər lenti
0