BAKI, 26 aprel — Sputnik. Baş nazir Binəli Yıldırım Abdullah Gülün prezidentliyə namizədliyi ilə bağlı açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "bir mühəndislik layihəsi idi, alınmadı, əldə qaldı, uğursuz oldu" deyə bildirib.
Baş nazir qələbə şanslarından danışıb: "Hamı seçkidə iştirak etmək, "mən namizədəm" demək üçün həvəslənir. Bu həvəs olduğu zaman siyasi hərəkətlilik olur. Bizim namizədimiz prezident Rəcəb Tayyib Ərdoğandır. Başqalarının nə edəcəyi bizi maraqlandırmır. Müxalifət ortaq namizəd verməyəcək kimi görünür. Müxalifətdə çox səs var, bizdə isə tək səs".
Binəli Yıldırım Abdullah Gülü də tənqid etməyi unutmayıb: "Uğursuz olmuş bir namizədi bir daha təkrar etmək nə dərəcədə doğrudur. Bağçalının Gül ilə bağlı tvitlərindəki qardaşlıq hara yox oldu? Hər şey millətin gözü önündə baş verir. Niyə vəzifədə olduğunuz zaman gördüklərinizi demədiniz? Etibar çətin qazanılır, asanlıqla itirilməməlidir".