BAKI, 25 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən, ermənilərin gözləntilərinin əksinə olaraq "soyqırımı" deyil, "böyük fəlakət" ifadəsini işlədib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp qondarma "soyqırımı"nın 103-cü ildönümündə ermənilərə ünvanladığı məktubda yaşananları "böyük fəlakət" adlandırıb.
Müraciətin tam mətni Ağ Evin rəsmi saytında yerləşdirilib. "Bu gün XX əsrin ən böyük faciələrindən olan "Mets Yegren"-də əziyyət çəkmiş insanların xatirəsini anırıq", — deyə Tramp bildirib.
ABŞ-da çoxlu sayda erməni yaşadığını xatırladan prezident "daha tolerant bir gələcək qurmaq üçün keçmişin acı hadisələrini xatırlatmağın və qəbul etməyin önəmli olduğunu hesab edirik" mesajını verib.