BAKI, 25 aprel — Sputnik. Bakı şəhər sakini A.M.-dən şantaj yolu ilə külli miqdarda pul götürüblər. Məktəblinin intim xarakterli şəkli ilə bağlı növbəti qalmaqal bu dəfə Bakıdakı tədris müəssisələrinin birində — Turk Anadolu Liseyində baş verib.
Bu barədə məlumat Sputnik Azərbaycan-a paytaxtın daxili işlər orqanlarından verilib.
Belə ki, aprelin 18-də polisə 45 yaşlı kişi müraciət edib. O bildirib ki, 2002-ci il təvəllüdlü qızı şantajın qurbanı olub. Mətanət adlı qadın kişini qızının intim xarakterli şəklini yaymaqla hədələyib. Bildirib ki, əgər ona 4 min dollar verməsə, qızının intim şəklini bütün liseyə yayacaq və qızı biabır edəcək. Şantajçı qadın pulu öz qurbanından alıb. Lakin bundan dərhal sonra zərərçəkmiş polisə müraciət edib.
Hazırda şantaj yolu ilə pul tələb etmə faktını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi araşdırır. Apreln 24-də faktla bağlı cinayət işi qaldırılıb. Cinayətin törədildiyi şərait aydınlaşdırılır. Hələlik faktla bağlı saxlanılan şəxs yoxdur.
Qeyd edək ki, polis axırıncı dəfə şantaj yolu ilə pul tələb etmə hadisəsini 18 apreldə qeydə alıb. O zaman Bakı şəhər Baş Polis İdarəsinə 2000-ci il təvəllüdlü Füzuli rayon sakini R.Azər (ad dəyişdirilib) müraciət edərək bildirib ki, 2016-cı ildə şantajın qurbanı olub. Bir qrup şəxs ondan müntəzəm olaraq ümumi dəyəri 359 min dollar olan pul və qızıl-zinət əşyaları tələb ediblər. Hələlik yalnız o məlumdur ki, cinayətin üç iştirakçısı var və onlar saxlanıblar: Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rahid Tarverdiyev, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Famil Qafarov və Astara sakini 1993-cü il təvəllüdlü Elmir Əliağazadə.
Hazırda İstintaq və Təhqiqat İdarəsi cinayətin baş verdiyi şəraiti araşdırmaqla məşğuldur. Qızılın oğlanın atasına aid olduğu ehtimal edilir.