İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 25 aprel — Sputnik. Azərbaycanın simli musiqi alətləri arasında ən mükəmməl və məşhur olanlardan biri tardır. Əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilən tar bu gün də muğam sənətinin inkişafında müstəsna yer tutur. Tarın tarixi çox qədimlərə gedib çıxsa da, onun təkmilləşib müasir vəziyyətə çatmasında məhz Azərbaycan sənətkarlarının xüsusi rolu olub.
Bu gün də ölkəmizdə kifayət qədər tar ifaçılığı ilə məşğul olan, onu daha da təkmilləşdirməyə çalışan sənətkarlar var. Belə sənətkarlardan biri də Goranboy rayon Qızılhacılı qəsəbə sakini İldırım Üzeyirovdur.
İldırım Üzeyirov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu sənəti heç kimin köməyi olmadan, öz bacarığı və tara sevgisi sayəsində öyrəndiyini deyib. Bildirib ki, hələ 10 yaşından tarda ifa etməyi öyrənməyə başlayıb, həmçinin tarın necə söküldüyünü, təmir edildiyini görüb, yaddaşına həkk edib. Sonradan tar haqqında kitablar oxuyub, ölçülərlə tanış olub.
Həyatını tar musiqisinin inkişafına həsr edən qəhrəmanımız artıq 30 ilə yaxındır ki, Naftalan şəhər Uşaq Musiqi Məktəbində tar müəllimi işləyir. Yeni nəsilə bu ecazkar alətdə musiqi səsləndirməyin sirlərini sevə-sevə öyrədir.
Sənətkar tar alətini düzəltməyə isə 15 ildir başlayıb: "Tarı düzəldəndə çəkil (erkək tut ağacı) və qoz ağaclarından istifadə edirəm. Çəkili ərik ağacıyla da əvəz etmək olar, lakin müəyyən müddətdən sonra ərikdən hazırlanan tarda müəyyən problemlər yaranır. Tut ağacından hazırlanan tarlar isə daha dözümlü və gözəl səsli olur. Qalan hissələri isə ebonit materialı, camış buynuzu, sümükdən hazırlanır".
Tar düzəldərkən yalnız onun simlərini pul ilə aldığını deyən müsahibimiz alətin ən incə hissələrindən birinin də üz, sinə hissə olduğunu söyləyib: "Tarın üzünü hazırlayanda dana ürəyinin dərisindən istifadə edirəm. Dəri soyulur, qurudulur, istifadədən qabaq isə suya qoyulduqda öz əvvəlki vəziyyətinə gəlir".
"Düzdür, bu gün də kitablarda tarın üz hissəsinə iri balıqlarının sinə dərisi çəkilməsi yazılır. Lakin balıq dərisi qalın və dözümlü olsa da, ürək dərisi alətin daha gözəl səslənməsini təmin edir. Dəri qalın olduqda isə həmin effekti almaq olmur" — İ.Üzeyirov bildirib.
Usta danışıb ki, tarın hazırlanması böyük diqqət tələb edir: "Tarın hazırlanmasında 16 incə məqam var, çanağın hazırlanmasından aşıqların qoyulmasınadək hər biri yüksək diqqət tələb edir. Onun hər hansı hissəsində millimetrdən aşağı fərqlilik olsa, alət düzgün səs çıxarmır. Əgər ifaçılar mənim tarlarımda cüzi səhv tapsalar, bir də sifariş verməzlər".
Hazırladığı tarlara çox böyük tələbatın olduğunu deyən İldırım müəllim həftə ərzində 3-4 tar hazırlaya bildiyini, qiymətlərinin isə ölçülərindən asılı olaraq 200-500 manat aralığında dəyişdiyini bildirib.
Usta, həmçinin Azərbaycanın qədim simli alətlərini də hazırlayır. 12-ci əsrdə yaşamış şair Məhsəti Gəncəvinin öz şeirlərini söyləyərkən istifadə etdiyi deyilən cəng aləti də onun zəhmətindən sonra yeni nəfəs qazanıb. Hətta hazırladığı cənglərdən biri Gəncədəki muzeylərdən birində eksponat kimi saxlanılır.