BAKI, 25 aprel — Sputnik. Daxili İşlər Nazirliyi Bakıda məktəblinin zorakılığa məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeydə edib ki, bəzi KİV-də paytaxtın Xətai rayonundakı məktəblərdən birində bir şagirdin digər iki məktəbli tərəfindən guya zorakılığa məruz qalması və döyülməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb, deyilənlər təsdiqini tapmayıb. Bu məlumatlar əslində hansısa maraqlı şəxslər tərəfindən məqsədli şəkildə yayılan dezinformasiyadır”.
Qeyd edək ki, mətbuatda Xətai rayonunda yerləşən orta məktəbin 1-ci sinif şagirdinin 10-cu sinif şagirdləri tərəfindən zorlanması barədə məlumatlar yayılıb.