CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev mühüm bəyanatla çıxış edib

© AFP 2024 / ADEM ALTANAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik"

BAKI, 25 aprel — Sputnik. "Türkiyə ilə Azərbaycanın birliyi, qardaşlığı, dostluğu möhkəmdir və onun çox böyük gələcəyi var". Sputnik Azərbaycan bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev bu fikri Ankarada Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında səsləndirib.

"Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.

Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik" — deyə Əliyev bildirib. 

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı - Sputnik Azərbaycan
İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə olmayıb: Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Türkiyəni daim dəstəkləyir, Türkiyənin terrorla mücadilə yolunda hər zaman həmrəylik göstərib, hər zaman Türkiyənin yanında olduğunu ifadə edib. “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı bütün qardaş türk xalqını təbrik edirəm. Azərbaycan xalqı bu məsələdə də hər zaman həmrəylik göstərib. Bu, bizim ümumi məsələmizdir".

Prezident qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirir: "Bakı-Tbilisi-Qars, TANAP tarixi layihələrdir. Bizim iradəmiz, bizim təşəbbüsümüz və birliyimiz bu layihələri həyata keçirdi. Bu gün biz Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik. Bu layihələr bizim gücümüzü artırır, regional işbirliyini möhkəmləndirir və bölgədə sabitliyi təmin edir. Yəni, bizim birgə həyata keçirdiyimiz təşəbbüslər və layihələr, sadəcə olaraq, iqtisadi məna daşımır, bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi, sabitliyi möhkəmləndirən layihələrdir. Əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz layihələr uğurla başa çatacaq.

Biz qarşılıqlı sərmayə qoyuluşunu da artırırıq. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoymuşdur. Ancaq qardaş ölkələrə bu qədər yatırım qoyula bilər. Yaxın gələcəkdə TANAP-ın, “Star” neft emalı zavodunun açılışı, əlbəttə ki, bizim imkanlarımızı daha da artıracaq. Onu da qeyd etməliyəm ki, Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olan “Petlim” limanı inşa edilibdir. Bu, Türkiyənin üçüncü böyük limanıdır. Biz bu gün güzəştli ticarət anlaşmasının imzalanmasına yaxınlaşdıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu anlaşma imzalanacaq və beləliklə, ticarət dövriyyəsi daha da artacaqdır".

Dövlət başçısı müdafiə sahəsində birgə hərbi təlimlər həyata keçirildiyini qeyd edib. "Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi vardır və biz ordumuzun ehtiyacını, o cümlədən Türkiyədə istehsal olunan hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan məhsullar ən yüksək standartlara uyğundur.

Biz bütün sahələrdə — mədəniyyət, təhsil, incəsənət, humanitar sahələrdə daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var, bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra biz Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birlikdə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik. Əminəm ki, hər zaman bir yerdə olacağıq" — o bəyan edib.

Xəbər lenti
0