BAKI, 25 aprel — Sputnik. "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan öz "Facebook" hesabında Ermənistan baş nazinin səlahiyyətlərini icra edən Karen Karapetyanın növbədənkənar seçkilərlə bağlı bəyanatına cavab verib. Sputnik Ermənistan xəbər verir ki, Paşinyanın sözlərinə görə, Respublika Partiyası (ERP) öz hakimiyyətini saxlayacağı təqdirdə, yeni və erkən seçkilərin nəticəsi proqnozlaşdırılandır.
"Bu, ötən il Milli Məclisə keçirilən seçkilərin nümunəsində olduğu kimi olacaq. İndi artıq aydındır ki, ERP və Karapetyan vətəndaşların Sarqsyanın istefasından məmnun olaraq rahatlandıqlarını düşünür. Hesab edirlər ki, artıq hakimiyyətin daha da möhkəmləndirilməsini düşünməyin vaxtıdır. Belə bir vəziyyətdə biz öz mövqeyimizi qəti şəkildə ifadə etməliyik. Bu ssenari inqilabın planına daxil deyil" — deyə Paşinyan bildirib.
Müxalifət lideri ümumi itaətsizlik və etiraz aksiyalarının yenidən başlamasına çağırıb. O, bəyan edib ki, respublikaçılar tərəfindən erkən seçkilər təşkil edilsə, bütün seçki məntəqələrini qapatmaq lazımdır.
"Serj Sarkisyan getdi, amma hakimiyyəti yerdə qalan respublikaçılardan təmizləmək lazımdır. Biz Sarqsyanın hakim partiyanın lideri statusunda hakimiyyəti faktiki olaraq kulisdən idarə etməsinə imkan verə bilmərik" — Paşinyan deyib.
Paşinyon bildirib ki, baş nazir postunda xalqın təyin etdiyi adam oturmalıdır: "Bundan sonra müvəqqəti hökumət formalaşmalı və yalnız bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir".
Karen Karapetyan isə jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri yalnız parlamentdə seçilə bilər, küçələrdə yox: "Əgər siyasi partiyalar razılıq versələr, növbədənkənar seçkilər keçirmək olar. Biz siyasi gündəmi məhdudlaşdırmırıq. Belə davam etmək olmaz. Bizim iqtisadi problemlərimiz yaranacaq, investorlar ölkəni tərk edəcək, yaz çağırışı başlayır".
"Mən xalqı itaətsizliyə deyil, itaətə çağırıram. Mən xalqın fikrini və narazılığını başa düşür, qiymətləndirirəm. Biz bu narazılığa reaksiya verdik, oturub müzakirə etməyə hazırıq" — deyə Karapetyan bildirib.
O, nəbzi saxlamağa çalışdığını, lakin turizm və biznes fəaliyyətində axsama müşahidə etdiyini bildirib. Əlavə edib ki, əgər belə davam eləsə, sonra itirilmiş imkanları geri qaytarmaq çox çətin olacaq.
Karapetyanın sözlərinə görə, onun stolunun üstündə bir sıra investisiya proqramları durur: "Hazırda investorlar bu proseslərin sonunda nə baş verəcəyini anlamaq istədikləri üçün planlarını təxirə salırlar. Mən xalqı dövlət sisteminin dağılmasının qarşısını almağa çağırıram. Biz öz işimizi davam etdirməli, əmək haqqlarını, pensiyaları verməli, orduya çağırışı həyata keçirməli, normal həyata qayıtmalıyıq".
Paşinyanın hökumət başçısını xalqın seçməsi ilə bağlı tələbinə gəlincə, Karapetyan "elə bir ölkə tanımıram ki, baş naziri meydanlarda seçsin" deyib: "Orada narazı insanlar var. Amma necə bilək ki, vətəndaşlar baş nazir postunda kimi görmək istəyir, Paşinyanı, yaxud bir başqasını? Kriteriyalar hanı? Seçkilər buna görə lazımdır. Ona görə də gəlin növbədənkənar seçkilər keçirək. Əgər xalq Paşinyanı seçmək istəyirsə, qoy onu qanuni yolla seçsin. Xalqın seçdiyi adamlar ümumxalq səsverməsi ilə seçilir".
Aprelin 24-də Paşinyanla Karapetyanın bu günə planlaşdırılan görüşü ləğv olunub. Paşinyan hakimiyyət nümayəndələrinə — Karen Karapetyana, parlamentin spikeri Ara Babloyana və hakim Respublika Partiyasının parlament fraksiyasınını rəhbəri Vaqram Baqdasaryana təklif edib ki, danışıqların formatı "üçün üçə" olsun.
Hökumətin başçısı isə bu şərtləri qəbuledilməz sayıb. O, qeyd edib ki, bu formatda Paşinyan öz şərtlərini diqtə etməyə cəhd göstərəcək. Karapetyan deyib ki, parlament və parlamentdənkənar qüvvələrin görüşünün təşkili ilə bağlı Ermənistan prezidentinə müraciət edəcək: "Belə olan təqdirdə daxili siyasi vəziyyət və yekun nəticəsinin əldə olunması, eləcə də növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı razılığa gəlmək mümkün olacaq".