BAKI, 24 aprel — Sputnik. Yeni ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev bu gün nazirliyin kollektivinə təqdim edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni naziri kollektivə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.
Əli Əsədov Muxtar Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib. O qeyd edib ki, ekologiya və ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə olunması prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
M.Babayev Azərbaycan prezidenti tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının ekologiya və ətraf mühit sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin icrasının layiqincə təmin ediləcəyini vurğulayıb.