BAKI, 24 aprel — Sputnik. Parlamentin bu gün keçirilən iclasında yeni hazırlanan "Məşğulluq haqqında" qanun layihəsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, 5 fəsil, 34 maddən ibarət qanun layihəsində işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib.
Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.