BAKI, 23 aprel — Sputnik. Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları qaçmaqda olan 3 maskalı kişini saxlayıb. "Cinayətin qarşısını almışıq" — deyə düşünən polislər saxlanılan şəxslərin qoluna qandal vurub. Məlum olub ki, onlar uğursuz quldur hücumundan sonra qaçırlarmış.
Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Aprelin 21-də saat 20:45-də Maştağa qəsəbəsinin sakinləri olan bıçaq və dəyənəklə silahlanmış üç maskalı kişi Nizami küçəsindəki yeni tikilmiş binada yaşayan 1960-cı il təvəllüdlü Nəcəfəli Ağayevin mənzilinə daxil olublar.
Cinayətkarlar mənzil sahibinin həyat yoldaşı Məsməxanım Ağayevaya qarşı fiziki güc tətbiq edərək onu vurublar. Sonra onlar Nəcəfəli Ağayevə bıçaq zərbələri endiriblər. Quldurlar Ağayevləri bir yerə yığaraq onlardan pul və qızılların yerini deməyi tələb ediblər.
Lakin cinayətkarlara öz planlarını axıra qədər həyata keçirmək nəsib olmayıb. Onlar Ağayevanı necə qəzəbləndiriblərsə (ola bilsin, quldurlar qadının dəhşətli qışqırığından karıxıblar-red.), o, vahiməli səslə hay-küy qaldırıb. Ələ keçəcəklərindən qorxan quldurlar, hətta maskalarını belə çıxarmağa macal tapmamış qaçmağa başlayıblar. Amma bir o qədər də uzağa gedə bilməyiblər. Yolda onları polis haqlayıb.
Saxlanılan şəxslər Maştağa qəsəbəsinin sakinləri, əvvəllər məhkum olmuş 1988-ci il təvəllüdlü Həşimov Sahib Ağabala oğlu, 1985-ci il təvəllüdlü Hüseynov Qurbanqulu Ələmdar oğlu və onun qardaşı, 1995-ci il təvəllüdlü Seyfulla Hüseynov olub. Soyğun zamanı istifadə edilən maskalar, ip, əlcəklər, dəyənək və bıçaqlar əşyayi-dəlil kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Cinayətkar qrupun başçısı Həşimov öz kriminal fəaliyyətinə ilk baxışdan zərərsiz görünən AR CM-nin 265-ci maddəsi (nəqliyyat vasitələrinin keyfiyyətsiz təmiri) ilə başlayıb.