Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 21 aprel — Sputnik. Astarada arıçıları əsas narahat edən məsələlərdən biri əldə etdikləri balın qablaşdırılması üçün şəraitin olmamasıdır. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, astaralı arıçılar bu və digər məsələləri Türkiyədən olan professor Banu İcəl ilə birgə seminarda müzakirə ediblər.
B.İncəl bölgədə arıçılıq üçün əlverişli şəraitin olması və burada olan arı növlərinin yüksək keyfiyyətli bal əldə etməyə imkan verdiyini vurğulayıb: “Arıçılıq üçün bu yerlərdə çox yaxşı şərait var və çox yüksək keyfiyyətli bal əldə etmək mümkündür. Bəlkə də bu torpaqlar Azərbaycan arıçılıq sahəsinin başlanğıc nöqtəsidir. Lakin bu balı istehsal edib sata bilmək lazımdır”.
Seminar bitdikdən sonra yerli fermerlərin arı ailələrinə baxış keçirilib. Yerli arıçılar bildiriblər ki, bu il qış aylarında havaların soyuq keçməməsi arı ailələri üçün əlverişli olub. Ötən ildən fərqli olaraq fermerlər bu il ikiqat bal toplamağı düşünürlər. Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzir bildirib ki, bal üçün qablaşdırma yerləri olsa, onlar Astara balını brend məhsul kimi xarici dövlətlərə də sata bilərlər.
Fermer Tural Hidayətov artıq arı ailələrinin Aran bölgəsinə köçürülməsinə start verdiklərini deyib.
Qeyd edək ki, Astarada 12 minə yaxın arıçı var və ümumilikdə 26 minə yaxın arı ailəsi saxlanılır.