Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. "Azərbaycanda dollara tələbat arta bilər. Çünki ilin ilk 2 ayında Azərbaycana idxal olunan məhsulların həcmi 480 milyon ABŞ dolları artıb. Eyni zamanda, həmin dövrdə dollara tələbat da yüksəlib. Dövlət Neft Fondunun hərraclarında 3 ayda satdığı valyutanın həcmi 510 milyon ABŞ dollarından çox artıb. Növbəti aylarda idxalda artım bu templə davam edərsə, təxminən idxalın həcmində illik nəticədə 2,5-3 milyard ABŞ dolları artım baş verə bilər".
Bunu Sputnik Azərbaycan-a iqtisadçı-ekspert Rəşad Həsənov, türk lirəsi və rus rublunun ucuzlaşmasının manata təsirini şərh edərkən deyib. Onun sözlərinə görə, bu artımlar indiki halda daha çox dövlət sektorundan qaynaqlanır: "Dövlət sektorunun idxalının həcmi ötən illə müqayisədə 3 dəfə artıb. Çünki 2018-ci ilin yanvarın 1-dək dövlət vəsaiti hesabına idxala məhdudiyyət tətbiq olunurdu".
"Amma bu qərarın müddəti bitib və ona görə də dövlət sektoru hesabına idxalın həcmi artıb. Bununla yanaşı, özəl sektorun və fiziki şəxslərin hesabına da idxalının həcmində artımlar baş verir. Bu, valyuta bazarında təzyiq formalaşdırır. Lakin nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə Dövlət Neft Fondu bazara daha çox vəsait təşviq edəcək. Çünki büdcə qarşısında öhdəliklərini yerinə yetirmək məqsədilə ötən illə müqayisədə, təxminən, bazara 65 faizə yaxın əlavə vəsait təşviq etməlidir", — iqtisadçı deyib.
Ekspert bildirib ki, bundan başqa, regionda yaranmış vəziyyət narahatlıq yaradır: "Azərbaycanda manatın məzənnəsi ilə bağlı narahatlıq bundan öncəki dövrdə — mart ayından etibarən başlayıb. Bu, daha çox seçki və seçkidən sonrakı proseslərin proqnozlaşdırılması ilə bağlı idi ki, seçkidən sonra manatın məzənnəsində dəyişiklik olacaq və ucuzlaşacaq. Bundan qaynaqlanan bir tələb var idi".
R.Həsənov əlavə edib ki, xüsusilə Rusiyada rublun kəskin şəkildə — bir gündə təxminən 11 faiz dəyər itirməsi Azərbaycanda ictimai narahatlığı dərinləşdirib: "Paralel olaraq Türkiyədə və İranda oxşar trendlər, yəni milli valyutaların dəyərsizləşməsi baş verib. Bu fonda mümkündür ki, qonşu ölkələrdə "qara valyuta bazarı" formalaşsın və Azərbaycandan bu "qara bazar"lara qeyri-qanuni valyuta axını sürətlənsin. Əgər bu, baş verərsə, növbəti dövrlərdə dollara tələb arta bilər".
Onun fikrincə, indiki halda neftin hazırkı qiyməti, strateji valyuta ehtiyatlarının həcminin artması və s. manatın daxili bazarda sabitliyini dəstəkləyən faktorlardır: "Bölgədə yaranmış problemlər, ABŞ sanksiyalarının genişləndirilməsi ehtimalı və s. faktorlar Azərbaycan bazarında, hələlik, xarici valyutaya tələbi artıracaq".
"Proqnoz ondan ibarətdir ki, ən azından Mərkəzi Bankın növbəti toplantısına qədər, yəni iyun ayının 15-dək məzənnənin sabit qalması ehtimalı yüksək qiymətləndirilir. Manatın dəyərsizləşməsi ehtimalı aşağı orta səviyyədə qiymətləndirilir. Manatın bundan artıq bahalaşması isə ehtimal edilmir", — deyə o bildirib.
İqtisadçı-ekspert Sabit Bağırov da Sputnik Azərbaycan-a açıqlamasında qonşu ölkələrdə baş verən proseslərin Azərbaycana təsir etdiyini deyib: "Biz iqtisadi əlaqələr, xarici ticarət ilə bağlıyıq və ona görə də təsir etməyə bilməz. Amma düşünmürəm ki, Azərbaycanda yaxın zamanda yeni devalvasiya baş versin. Çünki kifayət qədər valyuta ehtiyatları var. Hökumətin imkanı var ki, devalvasiyanın qarşısını alsın".
Xatırladaq ki, aprelin 11-də Mərkəzi Bankın sədri Elman Rüstəmov "Azərbaycanda devalvasiyadan söhbət gedə bilməz" açıqlamasını verib: "İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artıb. Əsas ixrac potensialı olan neftin qiyməti sabit olaraq qalır. Ötən ilin müvafiq dövrünə nisbətən neftin qiyməti 25 faiz yuxarıdır. Ölkədə qeyri-neft ixracı artıb, turizm inkişaf edir və turizmdən əldə olunan valyuta gəlirləri artıb. Ölkədə iqtisadi fəallıq yüksəlib. Bu makroiqtisadi mənzərədən görünür ki, devalvasiyadan söhbət gedə bilməz. Manatın zəifləməsindən söhbət gedə bilməz. Bunun üçün ciddi arqument yoxdur".
"Əsas xarici ticarət tərəfdaşlarımızı da izləyirik ki, onların valyuta məzənnələrində olan dəyişikliklər psixoloji olaraq 0,2 və ya 0,3 faiz dərəcəsində müəyyən volatillik yarada bilir. Amma bu, ciddi bir şey deyil. Manatın rəsmi məzənnəsi sabitdir. Biz bankların bütün tələbatlarını ödəyirik. Ölkəyə kifayət qədər nağd valyuta gətirilib. Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq", — E.Rüstəmov bildirib.
Mərkəzi Bankın sədri hər kəsi sakitliyə çağırıb: "Biz bu tələbatı ödəyirik və ödəyəcəyik. Məzənnədə tərəddüd üçün əsas heç bir əsas yoxdur. Bir daha bildirirəm ki, ümumi iqtisadiyyat sabitdir. Milli valyutamızın da sabitliyi bu gün çox möhkəm makroiqtisadi dayaqlar üzərindədir. Hamını sakitliyə çağırıram. Biz arzu edirik ki, qonşu ölkələrimizdə də bundan sonra hər şey qaydasına düşəcək".